AZ
RU

Azərbaycan Müəllimlər İnstitutuna xoş gəlmisiniz!

       Siz internet səhifəmizə daxil olmaqla Azərbaycan Müəllimlər İnstitutunun yarandığı vaxtdan bu günə qədərki bütün fəaliyyət istiqaməti ilə ətraflı tanış olacaq, gərəkli məlumatlar əldə edə biləcəksiniz.
       Fərəhli haldır ki, institutumuz ölkənin təhsil sisteminin qarşıya qoyduğu bütün tələblərə cavab verməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Təhsil səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadrların yetişdirilməsi istiqamətində bir sıra uğurlu layihələrin həyata keçirilməsi, ziyalıların, peşəkar mütəxəssislərin cəlb olunmasının nəticəsi olaraq bu gün AMİ ölkənin ali təhsil sistemində öncül yerlərdən birini tutur. Təkcə bir fakt-pedaqoji kadrların yenidənhazırlanması və onların ixtisaslarının artırılması qayğısının onun öhdəsinə düşməsi AMİ-nin ümumrespublika elmi və pedaqoji mühitindəki çəkisindən xəbər verir.
       Fəaliyyətinin 80 ilini geridə qoymuş AMİ bu gün Milli Təhsil Konsepsiyası, Boloniya Təhsil Sisteminin tələblərinə əsaslanaraq bakalavr, magistratura, aspirantura, dissertantura, ixtisasartırma və yenidənhazırlanma pillələri üzrə yüksək ixtisaslı kadr hazırlığını həyata keçirir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu işlər görülmüş, maddi-texniki baza möhkəmləndirilmiş, tələbələrin yüksək səviyyədə təhsil alması üçün lazımı şərait yaradılmışdır. Təhsil standartlarının yeniləşməsi, müasir-informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi pedaqoji kollektivin fəaliyyətində əsas istiqamət olduğu kimi, tələbələrin məsuliyyətinin artırılması və imtahanlarda obyektivliyin təmin edilməsində də əsas vəzifədir.
       İnstitutumuzu digər ali təhsil ocaqlarından fərqləndirən əsas üstün cəhət ümummilli lider Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli 168 №li müvafiq sərəncamına əsasən Azərbaycanın əksər bölgələrini əhatə etmək imkanına malik olan 11 filialının fəaliyyətə başlamasıdır
       Respublikada pedaqoji kadrların diplomlandansonrakı əlavə təhsilinin və müəllim hazırlığının milli konsepsiyası və strategiyasına əsasən ixtisasartırma fakültələri bütün kateqoriyalar üzrə “Kaskad”, “Öyrədənlərin öyrədəni”, “Təhsil meneceri” və s. kurslar təşkil edir, bakalavr pilləsini bitirən məzunlara digər ali məktəblərdən fərqli olaraq, Milli Kurrikulum layihəsi çərçivəsində sertifikatlar verilir.
       AMİ dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələri ilə (Fransa, ABŞ, Ingiltərə, İsveçrə, Almaniya, MDB ölkələri və s.) beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi sahəsində də ciddi uğurlara imza atmışdır. Türkiyə, Fransa, Rusiyanın ali təhsil ocaqları və bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə sıx əməkdaşlıq əlaqələri institutumuzda müasir dünya təhsil standartlarına cavab verən tədrisin təşkilinə, əldə olunmuş təcrübənin təhsilin bütün pillələrində tətbiqinə güclü zəmin yaratmışdır.
       Sizi yaratdığımız əlverişli şəraitdən və təklif etdiyimiz imkanlardan istifadə etməyə dəvət edirik.