AZ EN RU

3 günlük seminar

2010-cu ilin sentyabrın 2-dən Bakı Şəhər Təhsil İdarəsinin sifarişinə əsasən Azərbaycan Müəllimlər İnstitutunda orta məktəb müəllimlərinin "Həyatı bacarıqlara əsaslanan təhsil" üzrə ixtisasartırma təhsilinə dair 3 günlük seminar keçirilir. Seminara Bakı şəhərində işləyən ümumtəhsil məktəbinin 40 nəfər müəllimi cəlb olunmuşdur. Seminarda əsas məqsəd orta məktəbdə dərs deyən müəllimlərin bu sahə üzrə peşəkarlığını artırmaq, onları yeni təlim texnologiyalarına yiyələndirməkdən ibarətdir. Seminarın sonunda iştirakçılara Təhsil Nazirliyi ilə Azərbaycan Müəllimlər İnstitutunun birgə sertifikatları təqdim olunacaq.



20 günlük kurs

 

2010-cu ilin avqustun 23-də Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun bazasında “Təhsilin əsasları” fənnindən dərs deyən ali məktəb müəllimləri üçün kurs təşkil etmişdir. Dərsləri Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova aparır. Kursun dinləyiciləri Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Gəncə Dövlət Universitetinin müəllimləridir.

Kursda müəllim hazırlığında müəllimin dərs prosesində istifadə etdiyi yeni təlim metodları, tədris prosesində istifadə olunan yeni üsullar (qərarların hazırlanması, qərarlar adası, qruplarla iş, müsahibə, klaster, rollu oyunlar,  beyin həmləsi) haqqında məlumatlar verilir, dərsin iştirakçıları müəyyən mövzuları hansı üsullarla tədris edəcəyini nümayiş etdirirlər. Dərs prosesində dinləyicilər qruplara bölünür, fikir mübadiləsi aparılır, qruplar arasında mübahisələr və onların həlli yolları müəyyənləşdirilir. Ənənəvi tədris üsullarından fərqli olaraq dinləyicilər müəyyən mövzuları öz həmkarlarına təqdim etməklə müəllim rolunu ifa edir.

 

 



Məzun -2010

 

      30 iyun 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda Məzun-2010 buraxılış gecəsi keçirildi. Tədbirdə dəvət olunmuş qonaqlardan Təhsil Nazirinin müavini Elmar Qasımov,  Nərimanov rayon icra hakimiyyəti başçısının müavini Şahmar İbadov, YAP Nərimanov təşkilatının sədri Təhmiraz Tağıyev, institutun professor - müəllim heyəti və məzunları iştirak edirdilər.

         Tədbirdən əvvəl qonaqlar və məzunlar institutun Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin büstü önünə əklil qoydular.

Tədbiri giriş sözü ilə açan institutun rektoru prof. Aqiyə Naxçıvanlı qonaqları və tədbir  iştirakçılarını salamladı. O, ulu öndərin "Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir" kəlamlarını xatırladaraq gənclərin daim dövlət qayğısında olduğunu diqqətə çatdırdı və məzunlara uğurlar arzuladı.

Tədbir dövlət himninin sədaları ilə başlandı.

         Elmar Qasımov Azərbaycan Müəllimlər İnstitutunda son illər yüksək səviyyəli tədbirlərin, o cümlədən məzun gecəsinin keçirilməsini təqdirə layiq hesab etdi və buna görə AMİ-nin rektoru Aqiyə xanıma minnətdarlığını bildirdi, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Təhmuraz Tağıyev və Şahmar İbadov da institutun son illərdəki  uğurlarından ürək dolusu danışaraq, məzunları bu gözəl bayram münasibəti ilə təbrik etdilər.

         Təhsildə fərqlənmiş və institutun ictimai işlərində fəal iştirak etmiş məzunlar institutun rəhbərliyi tərəfindən fəxri fərmanla, özfəaliyyət kollektivinin fəallarından Sadıqov Xəqani və Həsənova Bəyim isə pul mükafatı ilə mükafatlandırıldılar.

Tədbirdə institutun musiqi kollektivinin rəngarəng ifaları ilə yanaşı, tanınmış müğənnilərdən Nüşabə Ələsgərli, Elza Seyidcahan, "Can" qrupu, "Karvan" qrupu, skripkaçı Ramil və müxtəlif rəqs qrupları öz ifaları ilə məzunları təbrik etdilər.

Məzunlar müasir standartlara cavab verən bu təhsil ocağında yüksək təhsil aldıqları və ictimai işlərdə fəal iştirak edə bildikləri üçün yaradılmış bütün şəraitə görə institutun rektoru Aqiyə Naxçıvanlıya dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı.

 



Heydər Əliyev Mərkəzi

 

Azərbaycan Müəllimlər Institutunun Heydər Əliyev Mərkəzi öz işini davam etdirir



AMİ-də görüş

 

 

 

18 iyun 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Təhsildə İnnovasiya kabinetinin "İlin ən yaxşı müəllimi və məktəbi" müsabiqəsi qalibləri ilə keçirdiyi görüşü giriş sözü ilə AMİ-nin rektoru, professor A.H.Naxçıvanlı açmış, Təhsil Nazirliyinin məsul işçisi Musa Əhmədov görüş iştirakçılarını salamlayaraq onlara görüşün səmərəli keçirilməsini arzuladı. Sonra "Təhsil sahəsində İslahat Proqramının tələbləri baxımından müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı: "İlin ən yaxşı müəllimi və məktəbi" müsabiqəsi qaliblərinin iş təcrübəsinin təbliğatının əhəmiyyəti haqqında - Təhsildə innovasiya kabinetinin metodisti, Respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyevanın təqdimatı dinlənildi. Görüş iştirakçıları: Haqverdili Hikmət - İsmayıllı rayonu, Lahıc ümumtəhsil məktəbin direktoru, Heydərli Nizami - Xətai rayonu 245 saylı məktəbin tarix müəllimi, Talıbı İradə - Abşeron rayonu, Xırdalan şəhəri 9saylı məktəbin dil ədəbiyyat müəllimi, Əliyeva Nərminə - Binəqədi rayonu 99 saylı məktəbin ingilis dili müəllimi, Əliyev Hamlet - Ucar rayon 2 saylı məktəbin tarix müəllimi, Həsənova Xurşud - Binəqədi rayonu 244 saylı məktəbin fransız dili müəllimi təqdimatlarında əldə etdikləri uğurlar haqqında danışdılar. Sonra bölmə iclaslarında müzakirələr davam etdirildi.

 



Tələbələrə sertifikat verildi

 

2010-cu ilin 11-i iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunda "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının məzunlarına sertifikatlar təqdim olunub. I siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin xüsusi proqramı üzrə 10 günlük treninq kursu keçirilmişdi.

Məzun Sevinc Babayeva "Müəllim hazırlığına verilən müasir tələblər və mən" mövzusunda təqdimatla çıxış edib.

Sonra müəllimin dərsdən əvvəlki təlimin təşkili məsələlərində idarəçilik bacarıqlarına aid kiçik səhnəcik göstərilib və  ana dili fənnindən "Ad bildirən sözlər" mövzusunda dərs nümayiş etdirilib.

Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov I siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunan belə treninqlərin gələcəkdə davam etdirilməsinin vacib olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunun yerlərdəki filiallarında da artıq bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini, həm institutda, həm də filiallarda maddi-texniki bazanın, eləcə də kadr potensialının gücləndirildiyini qeyd edib. Çıxışının sonunda Misir Mərdanov məzunlara uğurlar arzulayıb.

 



Rəsul Rzanın 100 illik yubilieyi keçirildi

 

Azərbaycan Respublikası Prezidentinin Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2010-cu il tarixli 681 saylı sərəncamının icrası ilə bağlı Azərbaycan Müəllimlər İnstitutunda 4 iyun 2010-cu il tarixdə tədbir keçirildi. Tədbirdə AMİ-nin professor-müəllim heyəti, tələbələr, Yazıçılar İttifaqı İdarə heyətinin üzvü Q. Nəcəfzadə, Yazıçılar birliyinin üzvü, Rəsul Rzaya həsr olunmuş yubileylərin keçirilməsi ilə əlaqədar komissiyanın üzvü şair Dayandur iştirak edirdi.

Tədbiri giriş sözü ilə institutun rektoru prof. A.H.Naxçıvanlı açaraq mürəkkəb və çoxşaxəli yol keçmiş Azərbaycan milli poeziyasını yeni əsrə - XXI əsrə gətirib çıxaran, ciddi sənət yolu keçmiş şairlərdən olan Rəsul Rzanın poeziyaya yeni yaradıcılıq axtarışlarının təzəcə başladığı qızğın, mürəkkəb, kəskin bir şəkil aldığı vaxtda gəlişindən danışdı. O,  xalq şairi Rəsul Rzanın yarım əsrdən çox bir müddət ərzində axtarışlar apararaq yeni tipli, tamamilə müasir, epik, novator poeziyanı yaratması və bir növ, yüzilliyin poeziyasına yekun vurması ilə Azərbaycan ədəbiyyatında misilsiz iz qoyduğunu qeyd etdi.

Tədbirdə Rəsul Rzanın həyat və yaradıcılığı, pedaqoji görüşləri haqqında institutun dosentləri V.Qurbanov, B.Həsənli, “Xalq şairi Rəsul Rza yaradıcılığından nələri öyrənmişik” mövzusunda Pedaqogika və filologiya fakültəsinin IV kurs tələbəsi Şəfəq Məmmədova  çıxışlar etdilər. Çıxışlar arasında AMİ-nin özfəaliyyət kollektivinin tələbələri Rəsul Rzanın şeirlərini və sözlərinə yazılmış mahnıları səsləndirdilər.

Tədbirin sonunda qonaqlar da xalq şairi Rəsul Rzanın yaradıcılığına öz münasibətlərini bildirdilər və  yubileyinin yüksək səviyyədə keçirilməsinə görə institutun rektoru Aqiyə Naxçıvanlıya və institutun bütün kollektivinə minnətdarlıqlarını bildirdilər.

 

 

 



AMI-də görüş

 

AMİ-də beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində mühüm işlər görülür. İnstitut Fransa Respublikası Versal Akademiyası İUFM – Müəllimlər İnstitutu ilə əməkdaşlığa başlamışdır. 2010-cu ilin aprelin 4-dən 11-dək AMİ-nin rektoru, prof. Aqiyə Naxçıvanlının rəhbərliyi ilə 4 nəfərdən ibarət nümayəndə heyəti Paris şəhərinə səfər etmişdilər.

2010-cu ilin iyunun 3-də Azərbaycan Müəllimlər İnstitutunun rektoru prof. A.H.Naxçıvanlı Serji-Pontuaz Universiteti Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutunun direktoru Jan-Pyer Şövalye, onun müavini Lilian Lö Pözan və Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil və Mədəniyyət İşləri üzrə Attaşesi Lük Obrini qəbul etdi.

         Qonaqlarla institutun müəllim heyətinin iştirakı ilə dəyirmi masa keçirildi. AMİ-nin rektoru professor A.Naxçıvanlı institutun kollektivini qonaqlarla tanış etdi və institutun strukturu haqqında onlara geniş məlumat verdi. Həmçinin İUFM-nin direktoru Jan-Pyer Şövalye öz institutları haqqında məlumat verdi. Tədbir  geniş diskussiya və fikir mübadiləsi şəraitində keçdi.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət etdilər. AMİ-nin rektoru professor A.Naxçıvanlı qonaqları institutla tanış edtdi. Həftə çərçivəsində qonaqlar Bakı şəhərinin tarixi abidələri və mədəni həyatı ilə tanış oldular. Şəki və Mingəçevirə səfər etdilər.

Hər iki təhsil ocağı arasında təntənəli şəkildə əməkdaşlıq protokolunun imzalanması mərasimi oldu. Qonaqlar belə bir yüksək səviyyədə qəbul olunduqları üçün institutun rektoruna təşəkkür etdilər.

 

 

 

 



Sertifikatlar təqdim olundu

 

 

Azərbaycan Müəllimlər İnstitutunun Kompüter Mərkəzinin təşəbbüsü ilə institutun operator, laborant və baş laborantlarına kurslar keçirilmişdir.

2010-cu il 11 fevral tarixində kursu bitirən 15 operatordan 1-i qırmızı olmaqla 11 nəfəri sertifikata, 05 may 2010-cu ildə kursu bitirən 23 laborant və baş laborantdan 5-i qırmızı olmaqla  19 nəfəri sertifikata layiq görüldü.

Bununla əlaqədar olaraq 2010-cu ilin iyunun 2-də Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı sertifikatların təqdimetmə mərasimində iştirak etdi və onlara öz arzularını bildirdi.

 

 

 



Növbəti ixtisasartırma təhsili

 

2010-cu ilin iyun ayının 1-dən Azərbaycan Müəllimlər İnstitutunun İxtisasartırma təhsili üzrə 11 kateqoriyadan ibarər olan kurslara 249 nəfər dinləyici qəbul edilmişdir. Bunların yalnız biri – internat tərbiyəçiləri 12 günlük, yerdə qalanları isə 24 günlük kurslardan ibarətdir. Bu kurslar 2009-10-cu tədris ilinin son kurslarıdır.

         Ənənəvi olaraq bu təhsilin sonunda dinləyicilərə vəsiqələr təqdim olunacaqdır.

 

 



Dəyirmi masa

 

27 may 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda 28 May –  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş  dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə institutun rektoru  prof. A.H.Naxçıvanlı açaraq iştirakçıları bayram münasibətilə təbrik etdi və  bu günün xalqımızın tarixindəki əhəmiyyəti haqqında məlumat verdi. O, öz çıxışında Müasir Azərbaycan Dövlətinin möhkəmlənməsində Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə xüsusi diqqət yetirdi.  

         Sonra İxtisasartırma və Yenidənhazırlanma fakültəsinin dekanı dosenti Telman Haqverdiyev bu bayramın ictimai-siyasi əhəmiyyətindən, İctimai fənlər kafedrasının dosenti Səttar Allahverdiyev isə tarixi əhəmiyyətindən danışaraq 1918-ci ildən bəri baş vermiş bir çox hadisə və prosesləri dəyrimi masa iştirakçılarının diqqətinə çatdırdılar.

Heydər Əliyev – Təhsil, Bilik, Mənəviyyat və Tədqiqatlar mərkəzinin müdiri fəlsəfə elmləri namizədi Əmrəli İsmayılov, 28 May Respublika günü ilə bağlı bir çox məsələlərə aydınlıq gətirdi.

Pedaqogika və filologiya fakültəsinin tələbələrindən Sevinc Məmmədova və Şəfəq Məmmədova isə bu günün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirdilər.

 

 

 



Mütaliənin rolu

 

“Beynəlxalq kitab günü” münasibətilə Azərbaycan Müəllimlər İnstitutunda 26 may 2010-cu il tarixdə “Mütaliənin insan psixologiyasına təsiri” mövzusunda disput keçirildi. Tədbiri giriş sözü ilə institutun rektoru prof.A.H.Naxçıvanlı açdı. O, mütaliənin insan həyatında, xüsusilə müasir gəncliyin inkişafı və formalaşmasında rolunu qeyd etdi. Təhsil Problemləri İnstitutunun “Psixologiya və yaş fiziologiyası şöbəsi”nin müdiri, pxisologiya elmləri doktoru, professor R.Əliyev, psixologiya kafedrasının müdiri psixologiya elmləri namizədi N.Rzayeva, prof.M.Həsənov, prof.R.Məmmədzadə, əməkdar mədəniyyət işçisi R.Hüseynova elmi maraq doğuran mövzularda çıxışlar etdilər. İştirakçılara psixologiya elmləri namizədi İ.Sultanovanın “Libropsixoterapiya” ilə bağlı məlumatı və tələbələrin “Miniatür kitab muzeyi”nə səyahəti monitorda təqdim olundu. Tələbələrin mütaliə etdikləri əsərlərin M.C.Paşayevin “Dirilən adam”, İ.Şıxlının “Ölən dünyam”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, İ.Məlik­zadənin “Dolaşaların novruz bayramı”, V.Hüqonun “Səfillər”, C.Məmməd­qulu­zadənin “Ölülər”, C.Cabbarlının “Sevil” və s. psixoloji təhlili aparıldı. Təhlil prosesində tələbələrlə tədbir iştirakçıları arasında yaranmış diskusiya, eyni zamanda tələbələrin psixologiya elmi ilə bağlı hazırladıqları səhnəcik auditoriya tərəfindən rəğbətlə qarşılandı. Tədbirin sonunda qruplar arasında intellektual yarış keçirildi və qaliblərə “Beynəlxalq kitab günü” münasibətilə hədiyyələr verildi.

Disput institutun Psixologiya kafedrası və elmi kitabxanası tərəfindən təşkil olunmuşdur.

 

 



AMİ-AzETA birgə layihəsi

 

2010-cu ilin mayın 22-də AzETA Azərbaycan Müəllimlər İnstitutu ilə birgə 7-ci regional ELT konfransı keçirmişdir. Konfrans Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında keçirildi. Bu konfrans vasitəsilə AzETA AMİ ilə əməkdaşlığını da genişləndirmək niyyətindədir.

Konfransa Azərbaycanın müxtəlif bölgəsindən 80 ingilis dili müəllimi qatılmışdır. Konfransın qonaqları arasında AMİ və onun Quba filialının nümayəndələri, Böyük Britaniyanın Pilgrims təlim şirkətinin Təlim Departamentinin direktoru Cim Rayt, British Council təşkilatı Bakı ofisinin nümayəndəsi, ABŞ səfirliyi İctimaiyyətlə Əlaqələr şöbəsinin üçüncü katibi Brent Mayer, eləcə də, Azərbaycanın müxtəlif rayonlarında ingilis dilini tədris edən ABŞ Sülh Korpusu tədrisinin könülləri vardır.

Konfransın açılışından sonra AzETA-nın tərkibində fəaliyyət göstərən ABŞ səfirliyinin dəstəklədiyi İngilis dili Mikrotəqaüd Proqramının şagirdlərini iştirakı ilə Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” musiqili komediyasından bir parça ingilis dilində nümayiş edildi. British Council təşkilatının dəvəti ilə Böyük Britaniyadan gəlmiş ingilis dili mütəxəssisi Culietta Şöenman “Pozitiv öyrənmə mühitinin yaradılması” mövzusunda məruzə etdi.

Sonda İngilis dili Uşaq klubunun üzvləri Nizami, Nəsimi, Füzuli və Ruminin şeirlərini ingilis dilində səsləndirdilər, ABŞ səfirliyinin dəvəti ilə Azərbaycana gəlmiş Demetrius Spaneas canlı musiqi ifa etdi.

 



JFDP-nın təqdimatı

 

2010-cu ilin 21 may tarixində Azərbaycan Müəllimlər İnstitutunda Amerika Beynəlxalq Təhsil Şurasının həyata keçirdiyi JFDP (Juniour Faculty Development Proqram) proqramının təqdimatı keçirilib. Bu proqram müəllimlərin tədris prosesi və dərs metodologiyasına dair biliklərini təkmilləşdirməkdir. Bu proqram Azərbaycanda 1999-cı ildən həyata keçirilir, 50-ə yaxın məzunu var.

Tədbirdə American Council İdarəsinin direktoru Emi Piterson, JFDP proqramının meneceri Nailə Nabiyeva iştirak edirdi. JFDP proqramının meneceri Nailə Nabiyeva bu proqram haqqında ümumi məlumat verdi və slaydlar göstərildi. 

 

 



Metodik seminar

 

2010-cu il may ayının 19-da Azərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasının müdiri f.e.d. Z.İ.Rüstəmova “Xarici dil dərslərində lüğət ilə keçirilən iş” mövzusunda metodik seminar keçirmişdir. Seminarda kafedra müəllimləri, AMİ-də dərs deyən Amerikanın Azərbaycandakı konsulluğunun nümayəndəsi Metyu Miller, AMİ-nin rektorunun köməkçisi N.T.Salamova da iştirak etmişlər. AMİ-nin Şəki filialının Dillər kafedrasının müdiri f.e.n. U.Mürşüdova və həmin kafedranın müəllimi A. Süleymanova seminarda qiyabi surətdə iştirak etmişlər. 

Müəllimlər xarici dil dərslərində yeni sözlər üzərində iş təcrübələri ilə bölüşməklə yanaşı, tələbələrə aktiv sözlər lüğətini hazırlayərkən innovasiya metodlarından istifadə etməyin nə qədər vacib olduğunu da qeyd etdilər.

Lüğət işi müasir dərsin ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə tələbənin lüğət ehtiyatını yeni sözlərlə zənginləşdirmək, onları tələbələrin rabitəli nitqində aktiv leksikaya çevirmək, öyrənilən xarici dilə maraq oyatmaq məqsədilə bu işə yaradıcı yanaşmaq lazımdır.

 



Simpozium

 

 

2010-cu ilin 16-18 may tarixində Hacəttəpə Universiteti Təhsil fakültəsi və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında təşkil olunmuş II Millətlərarası müəllim yetişdirmə siyasəti və problemləri simpoziumu keçirilmişdir. Bu simpoziumda Azərbaycan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektor prof. Samil Qasımlı “Pedoqoji kadrların hazırlanmasında biliklərin mənimsənilməsi və yaradıcılıq qabiliyyəti problemi” və “Müəllim kadrların hazırlanması məsələsinə müasir baxışlar” mövzularında, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri Rasim Şükürov “İbtidai sinif müəllimi hazırlığında riyaziyyatın tədrisi və fəndaxili rekursiv əlaqələrin reallaşdırılması imkanları” mövzusunda, Azərbaycan dili və tədrisi metodikası kafedrasının müəllimi Mətanət Şahəliyeva “Ana dili tədrisinin problem məsələləri” mövzusunda çıxış etmişdilər.

 

 



10 günlük seminar

 

Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlının təşəbbüsü ilə hələ keçən tədris ilinin sonunda İbtidai Təhsilin Pedaqogikası və Metodikası ixtisasına yiyələnən IV kurs tələbələrinə fəal təlim metodları və kurrukulum haqqında bilgilərə yiyələndirmək üçün on günlük seminar təşkil olunmuşdur. Həmin vaxt Təhsil nazirinin imzası ilə 138 nəfər seminar iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

2010-cu il tədris ilinin sonunda da institutda yaranan həmin ənənəyə sadiq qalaraq İbtidai Təhsilin Pedaqogikası və Metodikası təhsili alan 64 nəfər IV kurs tələbələri üçün 10 günlük seminar təşkil edilmişdir. Seminar sona çatdıqdan sonra onların bilikləri qiymətləndiriləcək və xüsusi sertifikatlar təqdim olunacaqdır.

 



Heydər Əliyev Mərkəzi

 

Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzi 2009-cu ildə yaradılmışdır. Qeyd etmək lazımdır ki, ulu öndərimizin həyat və fəaliyyətinin ayrı-ayrı səhifələrini özündə əks etdirən bu mərkəzin müasir üslubda olan tərtibatına, rəng çalarlarının ahənginə, işıqlandırma sisteminə görə respublikanın ali təhsil müəssisələri arasında xüsusi yeri var. Yarandığı gündən bu günədək Heydər Əliyev Mərkəzinə gələn qonaqların sayı təxminən 500-ə yaxın olmuşdur və bu göstərici günbəgün artmaqdadır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar olaraq respublikanın ayrı-ayrı tədris ocaqlarında, o cümlədən AMİ-də bir sıra tədbirlər, idman yarışları, şeir müsabiqəsi keçirilmiş, qaliblərə rektor prof. A.Naxçıvanlı tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

06 - 12.05.10-cu il tarixədək respublikanın müxtəlif bölgələrindən AMİ-nin ixtisasartırma kursuna gələn müdavimlər:

1.     Orta məktəbin direktor müavinləri

2.     Təşkilatçı müavinlər

3.     Azərbaycan dili və ədəbiyyatı müəllimləri

4.     Praktik psixoloqlar

5.     Məktəb kitabxanaçıları

6.     Musiqi müəllimləri

7.     Fizika riyaziyyat müəllimləri

8.     Məktəbdənkənar müəssisələrin metodist, dərnək rəhbərləri və təlimatçıları

9.     Uşaq-gənclər idman mərkəzinin metodist və məşqçiləri

Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ümummilli liderin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Quba rayonundan olan müdavim Şirvani Qoca ulu öndərə həsr etdiyi şeiri səsləndirmişdir. Qonaqlar yeni yaradılmış olan bu mərkəzə valeh olduqlarını bildirmiş, ən xoş arzularını dilə gətirmiş və gözəl təəssüratla buradan ayrılmışlar.

 



Publisistik məqalə müsabiqəsi

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi keçirildi. Müsabiqədə ali təhsil məktəblərində təhsil alan tələbələrin iştirakı nəzərdə tutulmuşdur. TEC-nin xətti ilə Heydər Əliyev- Təhsil, bilik, mənəviyyat tədqiqatlar mərkəzinin müdiri Əmrəli İsmayılovun rəhbərlik etdiyi Pedaqoji fakültəsinin II kurs tələbəsi Abdullayeva Nigar müsabiqədə iştirak etmiş və iştirakına görə diplomla təltif olunmuşdur.

 



Öyrədənlərin öyrədəni

 

2010-cu ilin may ayının 17-dən 22-ə qədər “Öyrədənlərin öyrədəni” qruplarının üçüncü mərhələsinin seminar məşğələləri həyata keçirilir. Üçüncü mərhələnin iştirakçıları əsasən İKT-nin tədrisə tətbiqi ilə əlaqədar olaraq seminarlar keçirlər. Üçüncü mərhələnin seminarları Azərbaycan Müəllimlər İnstitutunun informasiya texnologiyası ilə təchiz olunmuş kabinetlərində həyata keçirilir. Seminarın sonunda üçüncü mərhələnin iştirakçılarına “öyrədən” statusu almaq üçün xüsusi sertifikat təqdim olunacaqdır.

 

 



Bədii Yaradıcılıq Festivalı

 

13 apreldə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin Bədii Yaradıcılıq Festivalının ilk mərhələsi keçirildi. Festivalda Respublikada fəalliyyət göstərən bütün ali məktəblərin özfəaliyyət kollektivləri iştirak edirdi.

Festivala AMİ özfəaliyyət kollektivi 3 mahnı, 1 aşıq musiqisi, 3 bədii qiraət ifaları ilə qatıldı.

7 may “Qala” konsertdə Pedaqogika və filologiya fakültəsinin I kurs tələbələri Hüseyinov Emin aşıq musiqisi nominasiyası üzrə, Həsənova Bəyim mahnı nominasiyası üzrə diploma layiq görüldü.

17 may 2010-cu il tarixdə Təhsil Nazirliyində diplomların təqdimat mərasimi oldu. Tədbirdə tərbiyə işləri üzrə prorektor, Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri və qaliblər iştirak edirdilər.

 



Disput

 

2010-cu il mayın 13-də disput klubunun “Nə üçün Paulo Kuelyonun “Alximik” (“Kimyagər”) əsəri bestseller olub?” mövzusunda iclası keçirilmişdir. Müzakirələrdə 203 və 303-cü qrup tələbələri iştirak etmişlər. Disputun təşkilatçısı Xarici Dillər kafedrasının müdiri Z.İ.Rüstəmova müzakirələrə yekun vuraraq qeyd etdi ki, Paulo Kuelyonun romanı bütün dünya oxucularının diqqətini ona görə cəlb etmişdir ki, o, ümumbəşəri ideyalar ifadə etməklə insanı öz gücünə inanmağa, arzularının çin olması üçün bütün çətinliklərə sinə gəlməyi öyrədir. Əsərin pozitiv və həyatverici enerjisi məhz bununla izah olunur.

 

 



Beynəlxalq İdman Həyəcanı

 

2010-cu ilin mayın 11-də British Council, UNİCEF, UK Sport İnternationalın dəstəyi ilə İdman həyəcanı proqramının Milli İrsinə dair yekun konfransda Azərbaycan Müəllimlər İnstitutunun Beynəlxalq Əlaqələr Kabinetinin müdiri Nuridə Quliyeva iştirak etmişdir.

Yekun konfransın məqsədi proqramın əldə olunmuş nailiyyətlərinin qeyd edilməsi, Azərbaycan hökuməti tərəfindən milli irsin qorunması və davamlılığını təmin edə biləcək mexanizmləri təsdiq etməkdir.

“Beynəlxalq İdman Həyəcanı” proqramının icrasında idman və gənclərin inkişafı istiqamətləri üzrə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi, Müəllimlər İnstitutu, AFFA, Uşaq Futbol Federasiyası, Atletika Federasiyası, Voleybol Federasiyası, Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlıq edirlər.

 



Gül müsabiqəsi

 

5 may 2010-cu il tarixdə ümummilli lider Heydər Əliyevin anadan ol­masının 87-ci ildönümü münasibətilə “Pedaqogika və Filologiya”, “Pedaqoji” və “Magistratura və aspirantura” fakültələri arasında “Gül mü­sabiqəsi” keçirildi. Müsabiqəni giriş sözü ilə rektor prof. A.H.Naxçıvanlı açaraq müsabiqənin mahiyyəti haqqında danışdı. Sonra tələbələr Azərbaycan, rus və ingilis dilində şeirlər deməklə tədbir iş­ti­rak­çı­­larının marağına səbəb oldular. Müsabiqədə hər iki fakültədən 20 gül nü­mayiş etdirildi. Münsiflər heyətinin qərarı ilə  I yerə “Pe­da­qo­ji” fa­kül­tə­nin təqdim etdiyi gül, II yerə 2 gül - “Pedaqogika və Fi­lologiya” və “Ma­gistratura və aspirantura”  fakültəsinin təqdim etdiyi gül­lər, III yerə isə 3 gül – ikisi “Pedaqogika və Filologiya” fakültəsinin, bi­ri isə “Pedaqoji” fakültənin təqdim etdiyi güllər layiq görüldü və qiy­mət­li hə­diy­yələrlə mükafatlandırıldı. Sonra  tədbir iştirakçıları ins­ti­tu­tun nəz­din­də olan Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

 



Bir həftəlik seminar

 

2010-cu ilin may ayının 3-dən 8-ə qədər Azərbaycan Müəllimlər İnstitutunun İxtisasartırma və Yenidənhazırlanma fakultəsində məktəblərdə xüsusi istedada malik olan uşaqlarla məşğul olan müəllimlərin bir həftəlik seminarı keçirilmişdir. Seminarın sonunda iştirakçılara Azərbaycan Müəllimlər İnstitutunun rektoru  professor Aqiyə Naxçıvanlının imzası ilə xüsusi arayışlar verilmişdir.

 

 



Seminar - dəyirmi masa

 

    30 aprel 2010-cu il tarixdə institutun Heydər Əliyev – Təhsil, Bilik, Mənəviyyat İctimai Tədqiqatlar Mərkəzinin təşkil etdiyi  seminar - dəyirmi masa Heydər Əliyevin ideya-nəzəri irsində milli-mənəvi birlik probleminə həsr olunmuşdur.

    Tədbirdən əvvəl institutun rəhbərliyi, profesor-müəllim heyyəti və tələbələri son illərdə institutda yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin xatirəsinə hörmət əlaməti olaraq onun büstü önünə əklil qoymuş, həyat və fəaliyyətini əks etdirən filmə baxmışdılar.

    Tədbiri giriş sözü ilə institutun rektoru prof. Aqiyə Naxçıvanlı açaraq qeyd etmişdir ki, Heydər Əliyevin ideya-nəzəri irsində mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə, paklıq, mənəvi yüksəliş problemləri xüsusi yer tutur. Heç də təsadüfi deyildir ki, 1979-cu ildə mənəvi tərbiyəyə həsr olunmuş Ümumittifaq elmi-praktik konfrans Azərbaycanda keçirilmişdir və o konfransda əsas məruzə ilə Heydər Əliyev çıxış etmişdir. Baxmayaraq ki, o konfrans Sovet dövründə keçirilmişdir və orada deyilən fikirlər sovet reallıqlarına hesablanmışdır, ancaq bu gün də Heydər Əliyevin həmin məruzədə söylədiyi fikirlər öz əhəmiyyətini, aktuallığını itirməmişdir. 

   Heydər Əliyev – Təhsil, Bilik, Mənəviyyat İctimai Tədqiqatlar Mərkəzinin müdiri Əmrəli İsmayılov çıxışında problemin aktuallığını və onun mühüm nəzəri, praktik əhəmiyyətini vurğulamışdır.

   Seminar iştirakçıları tərəfindən Heydər Əliyev ideyalarına əsaslanaraq milli-mənəvi birliyin bugünkü vəziyyəti, cəmiyyətin, elm və təhsilin, o cümlədən gənc nəslin qarşısında duran vəzifələr haqqında maraqlı fikir mübadiləsi aparılmış, Heydər Əliyev ideya-nəzəri irsindən fraqmentlər oxunmuşdur. 

   Tədbirin sonunda institutda ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən olan idman yarışlarının, şeir müsabiqəsinin qalibləri rəhbərlik tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 

 



Təqdimat mərasimi

 

 

2010-cu il 29 aprel tarixində AMİ-də Əlavə Təhsil üzrə prorektor Rahim Əzizov Fransa Respublikası Versal Akademiyası İUFM – Müəllimlər İnstitutunun dəvəti ilə 2010-cu ilin aprelin 4-dən 11-dək AMİ-nin rektoru, prof. Aqiyə Naxçıvanlının rəhbərliyi ilə 4 nəfərdən ibarət nümayəndə heyətinin Paris şəhərinə səfəri haqqında ümumi məlumat verdi. Sonra o, hazırlanmış materialları təqdim etdi. Rahim müəllim keçirdikləri görüşlər, təlim prosesindən, gördükləri təhsil komplekslərindən, Versal Akademiyası İUFM – Müəllimlər İnstitutunun binasından, onun təchizatından, maddi texniki bazasından danışdı. 

 

 



İdman yarışı

 

Azərbaycan Müəllimlər İnstitutunda hər il ümummilli lider  Heydər Əliyevin doğum gününə həsr olunmuş idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bu il də Mülki Müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş iki idman növü üzrə (voleybol və dama) yarışlar keçirildi.

Yarışların 27 apreldə keçirilən final mərhələsində təntənəli açılış mərasimi oldu. Tədbiri giriş sözü ilə institutun rektoru professor Aqiyə Naxçıvanlı açaraq yarışın məqsəd və məramını açıqladı.

Voleybol üzrə yarışda Pedaqoji fakültənin qızlardan ibarət komandası , Pedaqogika və Filologiya fakültəsinin isə oğlanlardan ibarət komandası qələbə qazandı.

Dama idman oyunu üzrə yarışda isə Pedaqoji fakültənin I kurs tələbəsi Əliyeva Töhfə qələbə qazanaraq birinci oldu. Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 



Növbəti həftəlik kurs

 

Respublikanın ayrı-ayrı rayonlarında yaradılan dayaq məntəqələrində fəaliyyət göstərmək üçün Azərbaycan Müəllimlər İnstitutunun İxtisasartırma fakültəsində üç mərhələli sistem üzrə həftəlik kurslar təşkil olunur. Birinci və ikinci mərhələdə kurslarda iştirak edən dinləyicilər üçün rektorluq tərəfindən xüsusi arayışlar, üçüncü mərhələni keçmiş dinləyicilər üçün xüsusi sertifikatlar verilir.

Hal-hazırda ikinci mərhələdə iştirak etmək üçün respublikamızın müxtəlif tədris müəssisələrindən gəlmiş 80-ə yaxın dinləyici iştirak edir. 2010-cu il mayın 1-də ikinci mərhələni bitirən həmin dinləyicilərə xüsusi arayışlar veriləcəkdir. Ilin sonuna qədər onlar üçüncü mərhələyə cəlb olunacaqlar və üçüncü  mərhələni bitirib xüsusi sertifikatlar alacaqlar.

 



R. Məmmədzadənin 80 illik yubileyi

 

 

23 aprel 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda respublikanın mədəni, ictimai və siyasi həyatında özünəməxsus yeri olan, görkəmli ziyalı, alim və təhsil xadimi, professor Ramiz Məmmədzadənin 80 illik yubileyi qeyd olundu. Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov, görkəmli alimlər, təhsil işçiləri, institutunun professor-müəllim heyəti, tələbələr  iştirak edirdi.

Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, prof. Aqiyə Naxçıvanlı açaraq Ramiz müəllimi təbrik etdi, yubilyarın şəxsiyyətini və həyat fəaliyyətini səciyyələndirən keyfiyyətlərdən söz açdı, onun haqqında dəyərli fikirlər söylədi.

Azərbaycan Müəllimlər İnstitutunun dosenti Rəşid Cabbarov yubilyarın ömür yolu  və elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verdi.

Təhsil naziri Misir Mərdanov R.Məmmədzadənin 80 yaşının tamam olması münasibətilə təbrik etdi. O, yubilyarın 80 il ərzində enişli-yoxuşlu bir həyat yolu keçdiyini və çox insanlar üçün nümunə olacağını qeyd etdi. Yubilyarı “müəllimlər müəllimi” adlandıran nazir onun cəmiyyətdə tanınmış nüfuz sahibi, bacarıqlı təhsil qurucusu, yaradıcı pedaqoq, nümunəvi ailə başçısı, müdrik el ağsaqqalı və yenilikçi bir insan olduğunu vurğuladı.

Yubiley mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, görkəmli alim Əbdül Əlizadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakıdakı 177 saylı məktəbin direktoru Həqiqə Məmmədova və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq Elmləri İnstitutunun fəlsəfə elmləri namizədi, professor Yaşar Əliyev çıxış edərək, R.Məmmədzadəni təbrik etdilər, gələcək elmi fəaliyyətində uğurlar arzuladılar.

Sonda yubilyar müəllim olduğu üçün fəxr etdiyini qeyd etdi. Ona göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə, Təhsil naziri Misir Mərdanova və institutun rektoru prof. Aqiyə Naxçıvanlıya öz dərin minnətdarlığını bildirdi.

 

 



Ənvər Seyidovla görüş

 

21 aprel 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun kitabxanası Yazıçılar Birliyinin üzvü, yazıçı, hüquqşünas, alim Ənvər Seyidovla müəllim və tələbələrin görüşünü keçirmişdir. Görüşdə yazarın serial şəklində ekranlaşdırılmış “Gürzə” və “Təlatüm” əsərləri müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən AMİ-nin Pedaqogika kafedrasının dosenti E.Mollayeva, IV kurs tələbələri əsərin tərbiyəvi əhəmiyyətini, müasir həyatda rastlaşdığımız problemlərin əsərdə verilməsini qeyd etdilər. Tədbir iştirakçıları müəllifə suallar verdilər.

Müəllif 32 illik hakimlik təcrübəsindən toplanmış hadisələrdən qaynaqlandığı əsərləri barədə oxuculara maraqlı məlumatlar verdi, ona ünvanlanmış sualları cavablandırdı.

Sonda kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi Rəna Hüseynova müəllifə dəvəti qəbul edib gəldiyinə və maraqlı görüşə görə təşəkkürünü bildirdi.

 



Şeir müsabiqəsi

 

20 aprel 2010-cu ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının  87- ci ildönümünə həsr olunmuş Yaradıcı tələbələrin şeir müsabiqəsi keçirildi. Müsabiqəyə 10 tələbə 20 şeirlə qoşulmuşdu.

        Münsiflər heyətinin yekun qərarı ilə “Çağırır məni” şeirinə görə “Pedaqogika və Filologiya” fakültəsinin 116-cı qrup tələbəsi Əhmədova Çinarə I yerə, “Salam göndərirəm Qarabağ sənə” şeirinə görə “Pedaqoji” fakültənin 202-ci qrup tələbəsi Əsədova Günel II yerə, “Türkiyə və Azərbaycan” şeirinə görə “Pedaqogika və Filologiya” fakültəsinin 113-cü qrup tələbəsi Məmmədova Sevinc III yerə, “Pedaqogika və Filologiya” fakültəsinin 111-ci qrup tələbəsi Usubov Fədai, “Pedaqoji” fakültənin 102-ci qrup tələbəsi Qaraşıxova Fatimə, “Pedaqogika və Filologiya” fakültəsinin 115-ci qrup tələbəsi Tağıyeva Nübara həvəsləndirici mükafatlara layiq görüldülər.

 

 



Fransa səfəri

 

Fransa Respublikası Versal Akademiyası İUFM – Müəllimlər İnstitutunun dəvəti ilə 2010-cu ilin aprelin 4-dən 11-dək AMİ-nin rektoru, prof. Aqiyə Naxçıvanlının rəhbərliyi ilə 4 nəfərdən ibarət nümayəndə heyəti Paris şəhərinə səfər etmişdilər. Səfərin məqsədi Fransa təhsil sisteminin strukturu, iş prinsipləri, bakalavr pilləsinin təhsil məzmunu, təşkili, idarə olunması və qiymətləndirmə sistemi, xüsusilə də bu ölkənin universitetlərində pedaqoji kadrların diplomdan sonrakı əlavə təhsilin təşkili məsələsi üzrə iş təcrübəsilə tanış olmaq idi.

        UİFM Beynəlxalq əlaqələr üzrə direktor Lilian Lö Pözan və onun köməkçisi Ann-Mari Polo ilə görüş oldu və görüləcək işlər haqda bütün layihələr müzakirə olundu. Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutunun Antoli Val do Byevr təhsil mərkəzində xanım Lilian Lö Pözan, daha sonra həmin institutun direktoru cənab Jan-Pyer Şövalye tərəfindən nümayəndə heyətinin rəsmi qəbulu oldu. Həmin görüşdə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlər haqda bütün layihələrin həyata keçirilməsinə dair fikirlər söylənildi, təkliflər irəli sürüldü.

 



Soyqırım hadisələri yad edildi

 

31 mart 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda 31 mart Azərbaycanlıların Soyqırım günü ilə əlaqədar dəyirmi masa keçirildi.  Tədbiri giriş sözü ilə institutun tədris işləri üzrə prorektoru prof.Şamil Qasımlı açaraq 1918-ci ilin 31 mart və 3 aprel tarixləri  arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində bolşevik - daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında məlumat verdi. Soyqırıma məruz qalan minlərlə azərbaycanlının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İctimai fənlər kafedrasının dosenti, əməkdar müəllim Səttar Allahverdiyev, İxtisasartırma və Yenidənhazırlanma fakültəsinin dekanı Telman Haqverdiyev, İctimai fənlər kafedrasının müəllimi Namiq Əliyev, İxtisasartırma fakültəsinin dinləyiciləridən Nərimanov rayon 202 saylı məktəbin direktoru Qasım Qasımov, Yasamal rayonu 38 saylı məktəbin direktoru Yaşar Əliyev, Tələbə Elmi Cəmiyyətinin sədri Məmmədova Lalə, “Pedaqogika və Filologiya” fakültəsinin I kurs tələbəsi Sevinc Məmmədova çıxış etdilər. Çıxış edənlər Mart hadisələrinin bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın olduğunu, bu qırğının əsas təşkilatçısı S.Şaumyan və başqaları haqqında məlumat verildi. Ermənilərin mərhələlərlə Azərbaycan ərazisinə etdikləri təcavüzdən danışıldı.

Unutqan olmağımız qınanıldı və tələbələrə azərbaycanlılara qarşı törədilən soyqırım hadisələrini unutmamaq tövsiyə olundu.

 




Növbəti kurslar başlandı

 

29 mart 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidənhazırlanma fakültəsində öz ixtisaslarını artırmağa gələn fənn müəllimlərinin, məktəb rəhbərlərinin, bağça müdirləri və tərbiyəçilərinin növbəti kursları başlamışdır. Eyni zamanda bu kurslara rayon təhsil şöbələrinin metodiki mərkəz direktorları, peşə məktəblərinin müəllim və ustaları  da cəlb edilmişdir. Xüsusi proqram əsasında təşkil olunmuş kurslar aprel ayının 22-ə qədər davam edəcəkdir.

Metodiki mərkəzlərin direktorlarının kursları isə 12 gün davam edəcəkdir.

Hal-hazırda kurslarda  209 dinləyici iştirak edir.

Kursların sonunda dinləyicilərin kursu bitirmələri haqqında vəsiqələr veriləcək.

 



İnstitutda müsabiqə

 

19 mart 2010-cu il tarixdə Azərbaycan Müəllimlər  İnstitutunda Milli bayramlarımızdan olan Novruz bayramı münasibəti ilə “Xonça” müsabiqəsi keçirildi. Müsabiqədə “Pedaqogika və Filologiya” fakültəsi,  “Pedaqoji” fakültə və “Magistratura və Aspirantura” söbəsi tələbələrinin hazırladığı 45 xonça nümayiş etdirildi.

Münsiflər heyəti tərəfindən xonçalara baxış keçirildi. Bayram münasibəti ilə xonçalar Məsud Əlizadə 122 ünvanında yerləşən “1 saylı” uşaq evində məskunlaşmış uşaqlara göndərildi. 

 



Mükafatlar təqdim edildi

 

09 dekabr 2009-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi ilə bağlı Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilmişdir:

Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə xanım Naxçıvanlı “Şöhrət” ordeni ilə, Nadir Əliyev, Rahim Əzizov, Adilxan Xəlilov, Valeh Qədimov, Seyfəddin Qəniyev, Vahid Quliyev, Feyruz Məmmədov, Telman Muradov, Münəvvər Rəcəbova, Xudayar Sultanlı, Cəfər Zeynalov “Tərəqqi” medalı ilə təltif edilmişdir. Vaqif Piriyevə “Əməkdar Elm Xadimi”, Mayıl Alıcanova, Səttar Allahverdiyevə, Aslan Dəmirova, Məmməd Əliyevə, Bilal Həsənliyə, Fərrux Həsənova, Mircəfər Həsənova, Rüfət Hüseynzadəyə, Şamil Qasımlıya, Raya Nəcəfovaya, Akif Nəzərova, İsgəndər Orucəliyeviə, Rafiq Rasulova, Rasim Şükürova, İsa Veysova “Əməkdar Müəllim”, Rəna Hüseynovaya“Əməkdar Mədəniyyət İşçisi” fəxri adları verilmişdir.  

19 mart 2010 – cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda mükafatların təqdim edilməsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov və  həmin şöbənin bölmə müdiri Zöhrab Kəlbəliyev iştirak etdi. Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər  İnstitutunun əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik etdi və işlərində müvəffəqiyyətlər arzuladı.

Təhsil naziri Misir Mərdanov mükafatları Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə xanım Naxçıvanlıya və institutun əməkdaşlarına təqdim etdi.  

AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.

 



Taksonomiyalardan standartlara

 

Martın 18-də Azərbaycan Müəllimlər İnstitutunda “Taksonomiyalardan standartlara” mövzusunda tədbir keçirildi.

Mərasimdə AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, TPİ-nin direktoru Abdulla Mehrabov, ümumtəhsil məktəblərinin rəhbərləri və başqa qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru, professor A.Naxçıvanlı qonaqları salamlayaraq, müasir təhsil konsepsiyasında məqsədyönlü ideyaların həyata keçirilməsi istiqamətində prioritet məsələlər haqqında danışdı.

O, müasir təhsilimizin mərhələli şəkildə inkişaf etdiyini bildirərək qeyd etdi ki, şəxsiyyətyönümlü və nəticəyönümlü təlim prosesində bu taksonomların əhəmiyyəti böyükdür.

Sonra psixologiya elmləri namizədi İlhamə Sultanova təqdimatı dinlənildi və taksonomiya haqqında ümumi məlumat verilərək onun mahiyyəti və nədən ibarət olduğu bir daha iştirakçıların nəzərinə çatdırıldı.

Tədbir Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun çıxışı ilə davam etdirildi. O, taksonomiyanın yaranması və tarixi haqqında müəyyən fikirlər söyləyərək, belə mövzuda tədbirlərin tez-tez keçirilməsinin vacibliyini, təhsilimizin inkişafına, onun dünya təhsil sistemi ilə yaxınlaşmasına xidmət etdiyini vurğuladı.

Digər çıxış edənlər də taksonomiya haqqında fikirlərini söyləyərək, tədbirin təşkilatçılarına minnətdarlıq etdilər.

 

 



İnstitutda interaktiv tamaşa

 

Azərbaycan Müəllimlər İnstitutu və British Council bir neçə ildir ki, əməkdaşlıq edir və artıq bir neçə layihəni birgə işləyirlər. Bu  layihələrdən biri “Qapalı qapı” interaktiv tamaşasıdır. 
Tamaşanın ilk təqdimatı 09 mart 2010-cu il tarixində AMI-də nümayiş etdirildi. Bu tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparıcı məsləhətçisi Nəzakət Xudiyeva, “SEBA” Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosasiyasının sədr müavini İrina Zeynalova, Beynəlxalq Əlaqə və Təhsil Departamentinin müdiri İradə Nəcəfova, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Eğitim müşaviri Halis bey Koyuncuoğlu, British Council-ın işçi heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Kəmalə Ocaqova, Gənclər Təşkilatı- “İrəli” və “Gənclər üçün təhsil mərkəzinin” nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, Azərbaycan Korlar Cəmiyyətinin nümayəndələri, iştirak edirdi.

Bu layihə LOTOS - Əlilliyin  Dərki və Təlim mərkəzi ilə təşkil olunub. Layihənin məqsədi teatr səhnəsindən istifadə edərək sağlamlıq imkanları məhdud olan insanların hüquqları barədə ictimai məlumatlılığı artırmaq və gənc Azərbaycan vətəndaşlarını layihədə tam və aktiv iştirakı üçün həvəsləndirməkdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun rektoru professor Aqiyə Naxçıvanlı qonaqları salamladı və bu tədbirin mahiyyətindən danışdı.

“YUĞ” teatrının rejissoru Tərlan Rəsulzadənin və Vidadi İsmayılovun müəllif olduğu bu tamaşa müxtəlif teatrların aktyorları Oqtay Mehdiyev, Amid Qasımov, Əliağa Əliyev, Güney Ələkbərova və Birləşmiş Krallığın Forum Teatr mütəxəssisi, peşəkar aktrisa, Karen Çapman tərəfindən təqdim olundu. 

Tamaşa iki hissədən ibarət idi, ikinci hissədə interaktiv teatr texnika üsullarından istifadə olundu. Bu o deməkdir ki, tamaşa bitdikdən sonra “Coker” (kartda olduğu kimi xüsusilə heç nəyə aid olmayan) yardımçı kimi çıxış edərək auditoriyanı protoqonistin yerində olarsa müxtəlif seçim yolları barəsində düşünməyə həvəsləndirir. Tamaşa daha sonra yenidən başlanır və əvvəlki kimi davam edir – lakin bu dəfə spekt aktyor (aktiv tamaşaçı) protoqonistin daha fərqli münasib strategiya istifadə edə biləcəyini düşünüb tamaşanı dayandıra bilər və protoqonistin yerinə keçərək öz ideyasını sınaya bilər.

Auditoriyadakı tamaşaçılar yenidən eyni səhnələri öz təxəyülləri ilə canlandırıblar.

 



Tələbə Elmi-tədqiqat konfransı

 

4 mart 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda növbəti elmi konfrans keçirildi. Konfrans tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuşdur. Konfransın plenar iclasını giriş sözü ilə institutun tədris işləri üzrə prorektoru prof.Şamil Qasımlı açaraq bu konfransın mahiyyətindən danışdı və konfransın işinə uğurlar arzuladı.

Sonra “Azərbaycan Demokratik Respublikasında təhsilin milliləşdirilməsi məsələləri” mövzusunda Pedaqoji fakültənin IV kurs tələbəsi Babayeva Sevinc, “Müasir dövrdə depressiyanın yaranma səbəbləri və onun aradan qaldırılması yolları” mövzusunda isə Pedaqogika və filologiya fakültəsinin III kurs tələbəsi Əliyeva Solmaz çıxış etdilər. Hər iki tələbənin çıxışı konfrans iştirakçılarının dərin rəğbətinə səbəb oldu.

Sonra konfrans öz işini iki bölmədə davam etdirdi.

Yekunda bütün iştirakçılar bir araya toplanıb konfransın işini müzakirə etdilər. Hər iki bölmə sədrləri konfransda müzakirə olunan işlərin müəlliflər tərəfindən çox yüksək səviyyədə təhlil olunduğunu və müzakirələrin səmərəli keçirildiyini qeyd etdilər.

Tədbirin sonunda tələbələr hər zaman öz bilik və bacarıqlarını nümayiş etdirə bilmələri üçün yaradılan şəraitə görə institutun rektoru prof.A.H.Naxçıvanlıya öz dərin minnətdarlıqlarını bildirdilər.

 

 



Yeni ixtisasartırma kursları

 

25 fevral 2010-cu il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun İxtisasartırma və Yenidənhazırlanma fakültəsində ədəbiyyat, tarix, coğrafiya, ibtidai sinif, fizika-riyaziyyat, bədən tərbiyəsi, əmək hazırlığı, rəsmxətt və təsviri incəsənət fənləri üzrə 24 günlük yeni ixtisasartırma kursları keçirilir. Kurslarda məktəb direktorları, direktor müavinləri, hərbi rəhbərlər ixtisasartırma təhsilinə cəlb olunmuşlar. Ən maraqlısı odur ki, son dövrdə Bakı şəhəri məktəblərinin direktorları, direktor müavinləri, bağça müdirləri və s. Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma kurslarında təhsil almağa çalışırlar. Bu da ondan irəli gəlir ki, AMİ-nin ixtisasartırma təhsili sahəsində keyfiyyət faktoruna daha üstünlük verilir. Bu da kursa gələn dinləyicilərin nəzərindən yayınmır. Beləliklə də, AMİ-nin ixtisasartırma ilə məşğul olan təhsil müəssisələri arasında gedən rəqabətdə qalib kimi nəzərə çarpır.

Məşğələlər həm institutun auditoriyalarında, kabinetlərində, həm də Bakı şəhərinin aparıcı təhsil və tərbiyə müəssisələrinin bazasında aparılır. Məşğələ aparan professor-müəllim heyətinin arasında AMEA-nın akademikləri, akademiyanın müxbir üzvləri, professor və aparıcı mütəxəssisləri, respublikanın ali məktəblərinin professor və dosentləri, Təhsil Nazirliyinin, digər dövlət orqanlarının tanınmış məktəb və müəssisə rəhbərləri, elm, mədəniyyət xadimləri xüsusi yer tutur. Dinləyici rəyi daim diqqət mərkəzində saxlanılır.

Hal-hazırda  bu kursda 232 dinləyici iştirak edir.

Kursun yekununda dinləyicilərə müəyyən olunmuş formada vəsiqə veriləcək.